“Şamaxı TV” xəbər verir ki, ADPU-nun Şamaxı filialında şəhid məzunların anım günü və “Qorxmaz leytenant” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin rəisi Rusif Babayev, kitabın müəllifi Təranə Məftun, şəhid ailələri, şairlər, filialın rəhbərliyi, professor-müəllim və tələbə heyəti iştirak edib.
Tədbirdən öncə şəhid məzunların xatirəsinə həsr olunmuş sərgiyə baxış keçirilib.
Azərbaycan Dövlət Himninin səsləndirilməsi və xalqımızın qəlbində əbədiyaşar şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunan tədbirdə “Qorxmaz leytenant” adlı videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən ADPU-nun Şamaxı filialının direktoru, dosent Tünzalə Yusifova bu kimi tədbirlərin keçirilməsinin əhəmiyyətindən geniş bəhs edərək, bir zaman filialda təhsil almış şəhid məzunların əziz xatirəsinin hər zaman qəlblərdə yaşayacağını və onların daima qürürla yad olunacaqlarını bildirdi.
Daha sonra çıxış edən şəhid məzun Orxan Nəbiyevin atası Rza Nəbiyev Vətən müharibəsində zəfərimizin qazanılmasında vətənpərvər gəncliyi yetişdirən təhsil müəssisələrinin rolundan geniş söhbət açaraq Orxanın döyüş yoldaşlarının onun haqqında dediklərini də tədbir iştirakçılarının diqqətinə çatdırdı.
“Qorxmaz leytenant” ləqəbi qazanmış qəhrəman şəhid məzun Orxan Nəbiyevə həsr olunmuş eyni adlı kitabın müəllifi Təranə Məftun çıxışında qəhrəman şəhidimiz Orxan Nəbiyev haqqında qələmə aldığı kitabla bağlı tədbir iştirakçılarına məlumat verib.
Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında qəhraman oğullarımızın göstərdiyi şücaətdən geniş söhbət açaraq bu kimi tədbirlərin keçirilməsinin gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsindəki əhəmiyyətindən danışdı.
Tədbirin sonunda ADPU-nin Şamaxı filialının tələbələrinin hazırladığı kompozisiya tədbir iştirakçılarına təqdim olundu.