Birinci liqada artıq 4 tur geridə qalıb.
Hazırda məğlubiyyət üzü görməyən 4 komanda var. Onlardan biri də turnir cədvəlində yalnız “İrəvan”dan geri qalan “Şamaxı”dı. Komandanın uğurlu çıxışında əsas pay sahiblərindən biri liqanın bombardiri Emin Zamanovdu. Ötən ilin qışında komandaya qoşulan futbolçu 4 oyundan sonra 5 qolla ilk sırada yer alıb. “Futbol+” qəzeti “Şamaxı”nın hədəflərini öyrənmək məqsədi ilə Emin Zamanovla həmsöhbət olub. “Şamaxı TV” müsahibəni təqdim edir
– Yüksək liqa ilə 1-ci liqa arasında nə dərəcədə səviyyə fərqi var? Səncə bu fərqi yaradan amillər nələrdi?
– Bu iki liqa arasında fərq çoxdu. Əsas fərq yaradan amillər futbolçuların keyfiyyətləri, stadionların ot örtüyünün vəziyyətidi. Eyni zamanda elitada çıxış edən klublarla 1-ci liqada çıxış edən klubların büdcə fərqi çox böyükdü. İnfrastrukturun vəziyyətində də böyük fərqlər var.
– Yenidən elitaya yüksəlmək şanslarınızı necə qiymətləndirirsən?
– Yüksək! Məşqçi heyətimiz yetərincə peşəkar və məlumatlıdı. Komanda əzmkar futbolçulara sahibdi. Bütün bunlar imkan verir ki, növbəti il premyer liqaya qayıdaq.
– Bombardirlik yarışında əsas rəqiblərin kimlərdi? Digər oyunları da izləyirsənmi?
– Əslində bombardir olmaq kimi bir hədəfim yoxdu. Bu, mənim üçün böyük əhəmiyyət daşımır. Əsas məqsədim komandama maksimum fayda verməkdi. Qolları məhz bu məqsədlə vururam. Amma mövsümün sonunda bombardir olub-olmayacağımı deyə bilmərəm. Fikrimi daha çox komandama ümumi fayda verməyə yönəldirəm.
– İndiyə qədər vurduğun 5 qoldan hansı sənin üçün daha yaddaqalan olub?
– Fikrimcə, 5 qoldan ən yaddaqalanı MOİK-lə oyunda cərimə zərbəsindən vurduğumdu.