“Şamaxı TV” xəbər verir ki, 12 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşkilatçılığı ilə Şamaxı rayonunda yanğın hadisələrinin qarşısının alınması istiqamətində maarifləndirici tədbir keçirilib.
Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini, FHN-nin DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin mütəxəssisi, FHN-nin DYNX-nin Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, həmin idarənin Şamaxı rayon şöbəsinin əməkdaşları, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, xidmət sahələrinin rəhbərləri, sahibkarlar və fermerlər iştirak ediblər.
Tədbiri RİH başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Hikmət Şikarov açaraq, biçin mövsümünün başlanması ilə əlaqədar müəssisə və təşkilat rəhbərlərinə, bir sıra torpaq istifadəçilərinə yanğın təhlükəsizliyi normalarının, standartlarının və qaydalarının tələblərinə riayət olunmasının, əhaliyə yanğın təhlükəsizliyi tədbirlərinin öyrədilməsinin, eyni zamanda, yanğın təhlükəsizliyi ilə bağlı aidiyyəti orqanların göstərişlərinin və digər qanuni tələblərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra çıxış edənlər FHN-nin DYNX-nin Yanğına qarşı təbliğat şöbəsinin mütəxəssisi Nizami Fərəcov və FHN-nin DYNX-nin Şimal-Qərb Regional DYNİ-nin rəisi daxili xidmət polkovniki Natiq Mirzəyev hər bir yanğının fövqəladə hadisə olduğunu, çox vaxt böyük yanğınların kiçik yanğınlardan törəndiyini və kiçik yanğın hadisələrinə əhəmiyyətsiz yanaşılmasının düzgün olmadığını vurğulayıblar. Həmçinin məişət tullantılarının, yaşayış məntəqələrində qurumuş kol-kosun yandırılmasının yaxınlıqda yerləşən digər obyektlərdə yanğın təhlükəsi yaratmaqla yanaşı, mühəndis kommunikasiya sistemlərinin sıradan çıxmasına səbəb olduğunu, bu kimi halların qarşısının alınması məqsədilə yerli özünüidarəetmə orqanları tərəfindən əhali arasında bu istiqamətdə mütəmadi qaydada maarifləndirmə və təbliğat işləri aparılmalı olduğunu bildiriblər.