Şamaxıda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən nəşr olunmuş “44 gün – Tarixi Zəfər” adlı kitabın I və II cildinin təqdimatı keçirilib.
“Şamaxı TV” xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, rayon ictimaiyyəti, gənclər, eləcə də Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarından Vətən müharibəsi şəhidlərinin ailə üzvləri iştirak ediblər.
Rayon Mədəniyyət Mərkəzində keçirilən təqdimat mərasimində Dövlət Himni səsləndirilib, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə şair, publisist, Yazıçılar Birliyinin üzvü Rəfail Tağızadə açıb.
Daha sonra çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Xatirə kitabının baş redaktoru Nəzakət Məmmədova, şəhid atası Allaherdiyev Sübhan, şəhid anası Nəzakət Şəfayətova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zülfiyyə Eldarqızı və ssenarist, rejissor Vüsal Nuru şəhidlərimizin xatirəsinin daim əziz tutulduğunu, dövlət tərəfindən şəhid ailələrinə diqqət və qayğı göstərildiyini vurğulayaraq şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən tədbirlərdən danışıblar və təqdimatı keçirilən Xatirə kitabının ərsiyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildiriblər.
Çıxışlardan sonra redaksiya tərəfindən hazırlanan «Vətən daşı… və ya 44 günün dastanı» adlı layihə əsasında çəkilmiş 8 sənədli filmlərdən biri nümayiş olunub.
Tədbirin sonunda cildlərdə adı qeyd olunan şəhidlərin ailə üzvlərinə kitab təqdim olunub.