“Şamaxı” FK Avropa Klublar İttifaqına (Union of European clubs, UEC) üzv olub.
“Şamaxı TV” xəbər verir ki, UEC-nin məqsədi Avropa miqyasında futbol idarəçiliyində yeni “səhifə” açmaq və futbol klub elitasına daxil olmayan klubların mövqeyini qitəmizin ali futbol qurumu UEFA-ya və digər əlaqədar qurumlara daha təsirli şəkildə çatdırmaqdır.
UEC-nin üzv potensialı 1000-dən artıqdır və kütləvilik baxımından futbol sahəsində ən böyük qurumdur.
Qarşıdakı aylarda İttifaqın üzvlərinin ümumi yığıncağı baş tutacaq. Burada üzvlərin bir-birini tanıması, yeni inkişaf proqramının hazırlanması və bütün üzvlərin iştirakı ilə səsvermə yolu ilə yeni idarə heyətinin seçilməsi nəzərdə tutulur.
Azərbaycandan ilk klub olaraq, UEC-ə üzv olmağımız digər Avropa klubları ilə əməkdaşlığın güclənməsi və klubumuzun inkişaf strategiyasının daha da dayanıqlı və uzunmüddətli olmasına kömək edəcək.
Xatırladaq ki, bir müddət əvvəl UEC-nin təşkil etdiyi və Brüsseldə keçirilən Avropa Peşəkar Futbol Forumunda klubumuzun İdarə heyətinin sədri Elçin Usub da iştirak etmişdir.