27 sentyabr- Anım günündə şəhidlərinin xatirəsi Şamaxı rayon ictimaiyyətinin nümayəndələri tərəfindən yad edilib.
“Şamaxı TV” xəbər verir ki, tədbirin rəsmi hissəsində rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, “Xocalı Soyqırımını tanıtma” İB-nin nümayəndəsi Hafiz Ədilov, YAP Şamaxı rayon Təşkilatının sədri Tural Qasımlı, şəhid valideynləri- Rza Nəbiyev, Nəzimə Orucova, Sübhan Allahverdiyev, Pakizə Zərbəliyeva və Faiq Ələkbərov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova və Şamaxı Cümə məscidinin axundu Hacı Mərəhməd Mustafayev çıxış edərək qəhramancasına həlak olan şəhidlərin xatirəsini yad edib onların keçdiyi şərəfli yoldan söz açmışlar. Natiqlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan bayrağının sancıldığı əzəli və əbədi yurd yerlərimizin yenidən canlanacağına inandıqlarını bildirmişlər.
Ölkəmizin hər yerində olduğu kimi, Şamaxı rayonunda da saat 12:00-da canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Şəhidlər xiyabanı ziyarət olunub, şəhidlərin məzarları üzərinə tər çiçəklər düzülüb və şəhid ailələrinə baş sağlığı verilib. Daha sonra Şamaxı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Milli Məclisin deputatı Tamam Cəfərovanın təşəbbüsü ilə Şamaxı Cümə Məscidində şəhidlərin xatirəsinə ehsan süfrəsi təşkil edilib.
Eyni zamanda ilk döyüş günü şəhidlərinin ailələri ziyarət olunub.