Məlum olduğu kimi, Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb. Bununla əlaqədar, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov 2023-cü il sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nümayəndələri ilə görüşüb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından “Şamaxı TV”yə verilən məlumata görə, görüşlərdə Azərbaycan Respublikasının reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr aparılıb.
“Qafqazinfo” xəbər verir ki, mədəniyyət, təhsil və din sahəsində aşağıdakı tədbirlər görüləcək:
Sakinlərin öz mədəniyyətini, etnik-mədəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin edilir.
Dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunur.
Erməni dilinin istifadəsinə imkan yaradılır.
Reinteqrasiyanın praktiki icrası ilə bağlı erməni sakinlərin nümayəndələri ilə təmaslar davam etdiriləcək.