Prezident İlham Əliyev deputat Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıb.
“Şamaxı TV” xəbər verir ki, başsağlığında deyilir:
Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış ictimai xadim və jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Ələsgər qızı Paşayeva 2023-cü il sentyabrın 28-də ömrünün 49-cu ilində vəfat edib.
Qənirə Paşayeva 1975-ci il martın 24-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olmuşdur. O, orta məktəbi bitirərək 1991–1998-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsində oxuyub, daha sonralar Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb, 2010-cu ildə isə dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.
Əmək fəaliyyətinə 1998-ci ildən “ANS” televiziya şirkətinin Xəbərlər xidmətində başlayan Qənirə Paşayeva həmin şirkətdə 2005-ci ilədək müxtəlif vəzifələrdə çalışıb, 2005–2012-ci illərdə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.
Qənirə Paşayeva üçüncü, dördüncü, beşinci və altıncı çağırışlar Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Asiya Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin və Azərbaycan–Pakistan parlamentlərarası əlaqələri üzrə işçi qrupun rəhbəri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü, eləcə də Avstraliya və Yeni Zelandiya, Bosniya və Herseqovina, Fransa, Gürcüstan, İndoneziya, İraq, İspaniya, İtaliya, Koreya, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Malayziya, Mərakeş, Misir, Moldova, Özbəkistan, Rumıniya, Şimali Makedoniya, Tailand, Türkiyə, Türkmənistan, Vyetnam və Yaponiya parlamentləri ilə əlaqələr üzrə işçi qrupların üzvü olmuşdur. Qənirə Paşayeva həmçinin Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri idi.
Qənirə Paşayeva zəngin ictimai-siyasi fəaliyyəti dövründə çalışdığı bütün sahələrdə dərin məsuliyyəti və insanlara münasibətdə yüksək həssaslığı ilə böyük hörmət və rəğbət qazanıb. Milli dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması istiqamətində nailiyyətlərin əldə olunmasında onun təqdirəlayiq xidmətləri var. O, Milli Məclisin Mədəniyyət komitəsinin sədri kimi ölkədə mədəniyyət sahəsində dövlət siyasətinin uğurla gerçəkləşdirilməsində yaxından iştirak edib.
Vətənpərvərliyi, milli dövlətçiliyə sədaqəti və xalqımızın mədəni-mənəvi dəyərlərinə xüsusi ehtiramı Qənirə Paşayevaya Azərbaycan cəmiyyətində həqiqi nüfuz qazandırıb. Maarifçilik və xeyriyyəçilik fəaliyyəti onun ali insani keyfiyyətlərini xarakterizə edən başlıca cəhətlər idi.
Qənirə Paşayevanın aktual mövzularda qələmə aldığı çoxsaylı elmi-kütləvi və publisistik məqalələr, müəllifi olduğu ssenarilər diqqət və maraqla qarşılanıb. Qənirə Paşayeva Azərbaycanın haqq səsinin, Qarabağ həqiqətlərinin yüksək kürsülərdən dünyaya çatdırılması üçün var qüvvəsini səfərbər etmiş, türk xalqları arasında birlik və qardaşlıq əlaqələrinin daha da dərinləşdirilməsi işinə dəyərli töhfələr verib.
Tanınmış ictimai xadim, xeyirxah və səmimi insan Qənirə Ələsgər qızı Paşayevanın əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.
Allah rəhmət eləsin!
İlham Əliyev,
Mehriban Əliyeva,
Əli Əsədov,
Sahibə Qafarova,
Samir Nuriyev,
Eldar Əzizov,
Ədalət Vəliyev,
Fərəh Əliyeva,
Adil Kərimli,
Eldar Quliyev,
Hicran Hüseynova,
Əhliman Əmiraslanov,
Eldar İbrahimov,
Səməd Seyidov,
Rafael Hüseynov.