Xəbər verdiyimiz kimi, Qarabağda qondarma rejimin “prezident”i olmuş Araik Arutyunyan Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.
“Şamaxı TV”nin məlumatına görə, Azərbaycanın Baş Prokurorluğu tərəfindən onun barəsində hələ 2020-ci ildə oktyabrında cinayət işi açılıb.
Belə ki, o, həm də Gəncə şəhərində mülki əhaliyə qarşı törədilmiş terror əməllərinə görə ittiham olunur. Həmin ilin oktyabrın 4-də Arutyunyanın özü də rəsmi sosial şəbəkə hesablarında Gəncənin mülki əhalisinin sıx yaşadığı məntəqələrin ağır artilleriyadan atəşə tutulması barədə göstəriş verdiyini etiraf etmişdi.
“Mənim əmrimə əsasən bu gün Ermənistan ordusu tərəfindən Gəncə şəhərindəki hərbi obyektləri zərərsizləşdirmək üçün bir neçə raket zərbələri endirilib” – Arutyunyan cinayət əməlinə bu cür don geyindirmişdi.
Gəncədə ümumilikdə 26 mülki azərbaycanlının ölümü ilə nəticələnən raket zərbələrinin Azərbaycanın o zaman işğal altında olan Kəlbəcər və Xankəndi şəhərləri ərazisində yerləşən Ermənistanın hərbi bazlarından endirildiyi müəyyən olunmuşdu.
Nəticədə barəsində həbs qərarı çıxarılan Araik Arutyunyan beynəlxalq axtarışa verilmişdi. O, terror, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham olunurdu.
Onun mediaya məlum olan ittham olunduğu maddələri və bu maddələrin cəza sanksiyalarını təqdim edirik:
– 214 (Terrorçuluq) – Bu maddənin sanksiyasında 10 ildən 14 ilədək azadlıqdan məhrum edilmə nəzərdə tutulur.
– 214.2 (Terrorçuluğa açıq çağırışlar) – 5 ilədək həbs.
– 281.1 (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) – bu maddənin də sanksiyadında 5 ilədək azadlıqdan məhrum edilmə nəzərdə tutulur.
– 318.1 (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) 1500 manatdan üç manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Onu da qeyd edək ki, Azərbaycanın Baş prokuroru Kamran Əliyev 2 gün öncə jurnalistlərə açıqlamasında separatçılara müraciət edərək onları könüllü təslim olmağa çağırmışdı:
“Separatçı rejimin axtarışda olan şəxslərinə müraciət edərək onları könüllü olaraq təslim olmağa çağırıram. Onsuz da gec-tez həbs ediləcəklər”.
Separatçıların saxlanılmasında sözsüz ki, gecə-gündüz ayıq-sayıq xidmət aparan Dövlət Təhlükəsizliyi Xidmətinin də peşəkarlığını qeyd etmək lazımdır.