spot_img
spot_img
Əsas səhifəDigərNəsillərin yaddaşında yaşayan pedaqoq

Nəsillərin yaddaşında yaşayan pedaqoq

Dərc tarixi:

Azərbaycan Respublikasının Əməkdar təbliğatçısı,

Xalq maarifi əlaçısı İslam Ağahəsən oğlu Həsənovun 100 yaşı tamam olur



Mənim könlüm müəllimdir, dizim üstə dəbistanı,

O şagirdəm ki, öyrəndim sükut ilə əlifbanı…

Unudulmaz ziyalı, tanınmış maarif işçisi, səriştəli pedaqoq, bacarıqlı məktəb direktoru İslam Həsənovun 100 illiyi ərəfəsində Şamaxının Məlhəm kəndindəki doğma ocağında məşhur yerlisi, ustad Xaqani Şirvaninin bu beytini xatırladım.

Onu da yada saldım ki, tez-tez işlətdiyimiz “müəllim” sözü ərəb dilindən azərbaycancaya tərcümədə “dərs keçən, tədris edən, öyrədən, ağıl, öyüd, nəsihət verən” mənasına uyğun gəlir.

Dahilərin bu müqəddəs peşənin daşıyıcıları haqqında kəlamları çoxdur:

Müəllim öz həyatını Vətənin, xalqın, dövlətin gələcəyi olan gənc nəslin təlim-tərbiyəsinə həsr edən, gələcəyə işıqlı yollar açan nurlu bir şəxsiyyətdir.

Müəllim zəhmətinin bəhrəsi gələcək nəsillərin işində, əməlində, fəaliyyətində öz əksini tapır…

Böyük Mustafa Kamal Atatürk deyirdi ki, müəllim bir şama bənzər, özünü əridərək başqalarına işıq verər…

Ulu öndər Heydər Əliyev isə: “Müəllimlik sənəti şərəfli bir sənətdir… Özünü müəllimliyə həsr etmiş insan ən şərəfli insandır” – söyləyirdi.

Adı çəkiləndə onu tanıyan hər kəsin ehtiramla andığı, hörmət-izzətlə xatırladığı, ünvanına xoş söz ismarladığı İslam Həsənov kimi…

Şərəfli ömrün səhifələri

İslam Ağahəsən oğlu Həsənov 11 avqust 1923-cü ildə Şamaxı rayonunun Məlhəm kəndində dünyaya göz açıb.

Əvvəlcə Məlhəm kənd yeddillik məktəbini bitirib. Sonra M.Ə.Sabir adına Şamaxı Pedaqoji Məktəbinə daxil olub, 1941-ci ildə orta ixtisas təhsilini başa vuraraq, Şamaxı rayonundakı Zarat-Xeybəri, Leninabad, Talışnuru, Mərəzə və başqa kənd məktəblərində müəllim işləyib. Eyni zamanda yerli mətbuatla sıx əməkdaşlıq edib, aktual mövzularda məqalələr dərc etdirib, doğma xalqın tərəqqisi naminə səy göstərib.

Gənc İslam Həsənov İkinci Dünya müharibəsinin əvəllərində Faşist Almaniyasının hücumuna qarşı vuruşan Sovet Ordusunun sıralarına qoşulub, qanlı-qadalı döyüş yolu keçib. O, 1942-ci ilin avqustundan 1944-cü ilin oktyabrına qədər düşmənə qarşı rəşadətlə vuruşub. Pribaltika cəbhəsində sərrast pulemyotçu kimi yağılara qan uddurub. Bu döyüşlərin birində ağır yaralanıb. Bir müddət Kazan şəhərindəki hospitalda müalicə olunub, dekabr ayında ikinci qrup müharibə əlili kimi arxa cəbhəyə qaytarılıb. Beləcə, cəsur kapitan 11 ədəd qəlpəni ömrünün sonuna kimi bədənində gəzdirib…

Cəbhədən qayıdandan az sonra – 1945-ci ilin yanvarında Məlhəm kənd yeddillik məktəbinin direktoru təyin edilən İslam Həsənov 1951-ci ilin sentyabrına qədər bu vəzifəni şərəflə yerinə yetirib, gənc nəslin təlim-tərbiyəsi yolunda məsuliyyətlə çalışıb.

O zamanlar imzası yaxşı tanınan İslam Həsənov 1951-ci ilin sentyabrından 1952-ci ilin sentyabrına qədər isə Şamaxıda nəşr olunan “Yeni Şirvan” qəzetinin redaktoru kimi uğurlu fəaliyyət göstərib. Xatırladaq ki, 1932 ildən müntəzəm çıxan həmin qəzetin ilk redaktoru Səməd Əliyev olub. Qəzetin ənənələrini davam etdirən İslam Həsənov rayonun müxtəlif sahələrdə qazandığı nailiyyətlərin operativ işiqılandırılmasında, xalqımızın adət-ənənələrinin, milli-mənəvi dəyərlərimizn təbliğ olunmasında, doğma torpağın yetirməsi olan görkəmli ziyalıların, əmək adamlarının daha yaxından tanıdılmasında, başçılıq etdiyi mətbu orqanın əhali arasında geniş yayılmasında özünəxas xidmət göstərib.

Ali təhsil almaq arzusunu gerçəkləşdirmək arzusu ilə yaşayan İslam Həsənov 1946-cı ildə Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunun Dil-ədəbiyyt fakültəsinə daxil olub, buranı 1952-ci ildə uğurla başa vurub.

O, eyni zamanda 1952-1954-cü illərdə Respublika ikiillik partiya məktəbində təhsil alıb. Burada siyasi biliklərini təkmilləşdirib, ideoloji işlərin əsaslarına yiyələnib, ümumi dünyagörüşünü zənginləşdirib, vətəndaşlıq mövqeyini daha da möhkəmləndirib.

1954-cü ilin avqustunda “Mərəzə kolxozçusu” adlı qəzet yaradan İslam Həsənov düz üç il bu mətbu orqanda redaktor kimi çalışıb. 1957-ci ilin sentyabrından isə Şamaxı Rayon Partiya Komitəsində təlimatçı işləməklə yanaşı, köhnə iş yerinə – “Yeni Şirvan” qəzetinin redaktoru vəzifəsinə təyinat alıb, 1964-cü ilə qədər bu sevimli fəaliyyəti ilə məşğul olub.

İslam Həsənovun taleyinə uzunmüddətli məktəb direktoru olmaq şərəfi qızıl hərflərlə yazılıb. Belə ki, o, 1957-ci ilin sentyabrından ta 2006-cı ilin sentyabrına qədər Məlhəm kənd orta məktəbinin direktoru vəzifəsində uğurla çalışıb. Həmin ərizə yazaraq vəzifəsi ilə vidalaşıb, ömrünün sonuna – 2008-ci ilin payızına kimi doğma məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi şagirdlərinin dərin rəğbətini qazanıb. Onun şirin-şəkər ana dilimizin incəliklərini, minillik ədəbiyyatımızın görkəmli simalarının həyat və yaradıcılığını sevə-sevə tədris etməsi gənc nəslin yaddaşında silinməz izlər qoyub…

Məlhəm kənd məktəbinin yüksəliş yolu

Azərbaycanın şanlı tarixə malik paytaxtlarından olan Şamaxı şəhəri kimi Məlhəm kəndi də ən qədim yaşayış məskənlərindən biri kimi tanınır. Kənd dəniz səviyyəsindən 1118 metr hündürlükdə yerləşir. Məlhəm əsasən ölkəmizin elm və təhsil ocağı kimi tanınır. Xalqımıza bir çox şairlər, alimlər, mədəniyyət adamları bəxş edən bu kəndin ən məşhur yetirməsi XII əsrdə yaşayıb-yaratmış klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şair-filosof Xaqani Şirvanidir. Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Xaqani Şirvani əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib. Bundan başqa, “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Bəyin oğurlanması” tammetrajlı bədii filmi də 1985-ci ildə Məlhəm kəndində çəkilib.

Hazırda kənd əhalisinin sayı 1500 nəfərə yaxındır.

Mütəxəssislərin məlumatna görə, 1919-cu ildə Məlhəm kəndində 4 sinifli ibtidai məktəb açılıb, burada dünyəvi dərslər tədris olunmağa başlayıb. Kənd sakini Məhəmməd Yunisov evinin 2 otağını bu məktəbin şagirdlərinin istifadəsinə verib. Lahıc qəsəbəsinin sakinləri Mirzə Mehdi və Abduləziz burada ilk müəllimlər kimi işləyiblər.

Sonrakı illərdə Məlhəm kənd məktəbi ünvanını dəfələrlə dəyişib, Xanı Nəbiyevin, Molla Əhmədin evlərində fəaliyyət göstərib.

1920-ci ildə kalvalı Ağasıxəlil Məlhəm kənd məktəbinə müdir təyin olunub, bir ildən sonra onu Böyükağa Qarayev əvəz edib.

Şagirdlərin və müəllimlərin sayı getdikcə çoxaldığına görə 1930-1931-ci tədris ilində dövlət layihəsi əsasında yeni məktəb binası tikilib.

Böyük Vətən müharibəsi iştirakçısı – 22 yaşlı İslam Həsənov 1945-ci ilin yanvarından Məlhəm kənd yeddillik məktəbinin direktoru vəzifəsinə təyinat alıb, bu çətin və məsuliyyətli sahədə şərəfli, məsuliyyətli bir yol keçib.

Onu da qeyd edək ki, 1935-ci ildə 7 illik, sonra 8 illik olan Məlhəm kənd məktəbi İslam Həsənovun direktorluğu dövründə –1974-cü ildə orta məktəbə çevrilib. O zamandan yüksək təlim-tərbiyə göstəriciləri ilə seçilən bu təhsil ocağında yüksək hazırlıqlı pedaqoji kadrlar formalaşıb. Eyni zamanda məktəbin maddi-texniki bazası xeyli möhkəmləndirilib. Burada oxuyan şagirdlər təhsildə daha çox nailiyyətlər qazanıb, müxtəlif bilik və idman yarışlarında uğurla uiştirak edib, məzun olduqdan sonra ali və orta ixtisas məktəblərində təhsillərini davam etdirib, istehsalatda peşəkar mütəxəssislər kimi çalşıb, Məlhəm kənd məktəbinin şöhrətini uca tutublar. Sonralar kənd orta məktəbinin müasir tipli binada yerləşdirilməsi bu nailiyyətlərin sayını daha da artırıb…

Xüsusi vurğulayaq ki, hazırda Məlhəm kənd orta məktəbi bu təhsil ocağının məzunu, Birinci Qarabağ müharibəsi şəhidi Kamil Adil oğlu Nəbiyevin adını daşıyır…

Vaxtilə müsahibələrindən birində qocaman İslam Həsənov özünün müəllimlik fəaliyyətini belə dəyərləndirib: “Mənim üçün məktəb ən müqəddəs yerlərdən biridir. Məlhəm məktəbinin bu səviyyəyə gəlməsi, yeni bina ilə təmin olunması üşün illərlə çalışmışam. Sağ olsun məktəbin müəllim kollektivi, onlar da öz bilik, bacarıq və imkanlarını məktəbdən əsirgəməmişlər… Amma özünüz də builirsiniz ki, məktəb rəhbəri tələbkar, öz işi, əməli ilə kollektivə nümunə olmasa, onda heç bir yaxşı işdən söhbət gedə bilməz… Mən direktor işlədiyim 35 il müddətində həmişə belə əqidə sahibi olmuşam. Müəllimlərin də əməyini bacarığı, savadı və məktəbdəki fəaliyyətinə görə qiymətləndirmişəm…”

Səriştəli pedaqoq, bacarıqlı rəhbər, fəal təbliğatçı, vətənpərvər ictimaiyyətçi kimi ad qazanan İslam Həsənovun 65 illik səmərəli pedaqoji və ictimai fəaliyyəti, Vətən naminə misilsiz xidmətləri, gənc nəslin təlim-tərbiyəsi sahəsində qazandığı nailiyyətləri öz zamanında dövlət tərəfindən yüksək qiymətləndirilib. Onun çoxşaxəli pedaqoji, elmi, ictimai işgüzarlığının bəhrəsi çoxsaylı mükafatlarla dəyərləndirilib. “Xalq maarifi əlaçısı” nişanına, Azərbaycan Respublikası Ali Sovetinin, Təhsil Nazirliyinin, Şamaxı rayon sovetinin, ayrı-ayrı qurumların çoxlu Fəxri Fərmanlarına layiq görülüb, bir çox medallarla təltif olunub.

1982-ci ildə çoxillik fəal təbliğatçılıq işinə görə İslam Həsənov Azərbaycan Respublikası Ali Sovetinin Fərmanı ilə “Əməkdar təbliğatçı” fəxri adını qazanıb.

Azərbaycan təhsil tarixinə öz imzasını həkk etmiş İslam Həsənovun saysız-hesabsız yetirmələri hazırda müxtəlif sahələrdə uğurla çalışır, öz ustad müəllimlərinin tövsiyələrini unutmur, xatirəsini hər zaman uca tuturlar…

Xaqanişünaslığa əvəzsiz töhfə



İslam Həsənov eyni zamanda Azərbaycanımızın mütəfəkkir şairi Əfzələddin Xaqani Şirvaninin əslinin və doğum yerinin dəqiqləşdirilməsi ilə bağlı yorulmaz fəaliyyəti sayəsində ədəbiyyat tariximizdə özünəməxsus yer tutur.

Bu məsələ ilə bağlı İslam Həsənovun Azərbaycan Milli Elmlər Akademiyasına bir neçə dəfə yazılı müraciəti olub. Bu məktubların ikincisində o, təəssübkeş vətəndaş yanğısı ilə belə yazır:

“Hörmətli ədəbiyyatşünaslar, mən Məlhəm kəndinin tarixi və Xaqani Şirvaninin Məlhəm kəndində anadan olması haqqında ikinci dəfədir sizə müraciət edirəm. Ona görə ki, Xaqanini Məlhəmdən ayırmaqla Məlhəm kəndinin tarixi ilə yanaşı dahi şair də təhqir olunmuşdur.

Elmlər Akademiyasının işçisi M.Hacıyev təxminən 1960-cı illərdə Məlhəm kəndinə gəldi. Onu şəxsən mən özüm qəbul etdim (Mən məktəb direktoru idim). O dedi ki, Məlhəm kəndinin tarixini öyrənmək istəyirəm. M.Hacıyevlə kənd məscidinə getdik. Məscidin qapısı üstündəki daşda 150 il qabaq olan tarix yazılmışdı. Qəbiristanlığa getdik, oradan 230 il yaşı olan daş tapdıq. Mən Hacıyevə dedim ki, kənd bir qədər aşağıda olub. Qəbiristanlıq 2, kənd 3, məscid isə 4 yer dəyişib. Hacıyev heç bir söz demədən Bakıya qayıtdı. Sonradan oxuyuruq ki, o, kəndin tarixini Şah Təhmasibin Azərbaycanı işğal etməsi ilə 400 ilə aid edib.

Akademiyadan iki nəfər elmi işçi Məlhəmə gəldi. Onları da mən qarşıladım. Dedilər ki, kənddən 4-5 nəfər orta yaşlı adamların sifət quruluşunu ölçəcəyik. Xaqani Məlhəm kəndində anadan olduğuna görə onun heykəlini də bu kəndin adamlarına oxşatmaq istəyirik. Mən də 5 nəfər orta yaşlı kişi çağırdım. Onların sifətlərini eninə və uzununa ölçüb, şəkillərini çəkib apardılar.

1962-ci il idi. Akademiyadan arxeoloq H.Ciddi məktəbə gəldi. Onu da mən qarşıladım. Bu, Akademiyadan üçüncü qəbulum idi. O dedi ki, Xaqani və onun yaşadığı yer haqqında axtarış aparmaq istəyirəm. H.Ciddi bir neçə yerdə qazıntı apardı. Köhnə kənd yerindən bir neçə müxtəlif qırıntılar çıxartdı. Onlardan yalnız birini götürüb özü ilə Bakıya apardı. Sonradan H.Ciddidən öyrəndik ki, həmin qırıntının 1000 ildən çox yaşı var”.

Beləliklə, uzun mübarizələrdən və elmi mübahisələrdən sonra İslam Həsənov dahi şairimiz Xaqani Şirvaninin doğum yeri ilə bağlı bəzi alimlərin yanlış qənaətlərini tutarlı faktlarla təkzib etməyə, onun Məlhəm kəndində anadan olduğunu təkzibolunmaz dəlillərlə təsdiqləməyə nail oldu. Respublikamızın nüfuzlu qəzet və jurnallarında bir çox ədəbiyyatşünas alimlərimizin dərc etdirdiyi məqalələr, televiziyada hazırlanan verilişlər məhz İslam müəllimin min bir əzab-əziyyətlə toplayıb araşdırdığı materiallar əsasında həmin əsassız mülahizələrə son nöqtəni qoydu: Əfzələddin Xaqaninin Şamaxının Məlhəm kəndində doğulduğu haqqında fakt öz elmi təsdiqini biryolluq tapdı!..

100 yaşlı müəllimin əziz xatirəsi



Qismət elə gətirdi ki, unudulmaz İslam Həsənovun 100 illik ildönümündə Məlhəm kəndində olduq. Qəbrini ziyarət etdik, ruhuna dualar oxuduq… İslam müəllimin gəlini – İslah müəllimin ömür-gün yoldaşı Zəminə xanımın unudulmaz qaynatasının ocağında açdığı halal süfrə arxasında yaddaşlara yazılmış hadisələri xatırladıq, ötən günlərə qayıtdıq…

İslam Ağahəsən oğlu Həvvaxanım Vahab qızı ilə ailə qurub. Doqquz övlad – 5 oğul, 4 qız böyüdüb tərbiyə ediblər. Oğulları Şəfi və İslah Həsənovlar valideynləri barədə sonsuz ehtiramla söz açdılar, İslam müəllimin atalıq qayğısını, Həvvaxanım ananın analıq nəvazişini nisgilliklə dilə gətirdilər…

Nəvələri Turalın, Ozalın, Zinyətin bir an belə unutmadıqları İslam baba, Həvvaxanım nənə haqqında kövrək xatirələri isə bitib-tükənmir… Onlar ağsaqqal nəsihətini, ağbirçək öyüdünü canlarına-qanlarına elə hopdurublar ki, böyüyə hörmət, kiçiyə diqqət mizanını ata xeyir-duası, ana alqışı kimi talelərində yaşadırlar…

Söhbətləşməyə macal tapdığım kənd ziyalıları İslam Ağahəsən oğlunu əsl el ağsaqqalı, camaatın xeyir-şərində tapılan nurani insan, el-oba təəssübü çəkən ağır taxtalı şəxsiyyət kimi xatırladılar. Onlar dedilər ki, İslam müəllim öz xeyirxahlığı, səxavəti, qayğıkeşliyi ilə həm Şamaxının adını şöhrətləndirib, həm də Azərbaycanımızın bütün bölgələrində öz adını ağsaqqal kimi təsdiqləyə bilib. Yaxın-uzaq rayonlardan onun ağıllı tösiyələrini dinləməyə, ölçülü-biçili məsləhətlərini eşitməyə gələnlərin, söhbətlərindən xeyir tapanların sayı-hesabı yox idi…

İslah müəllim atasının zəngin kitabxanasını mənə göstərəndə o qədər maraqlı mətləbləri çözələdi ki, onların hər biri ləyaqətli vətəndaşın ömür yoluna başqa bir yöndən işıq salır… Bu baxımdan İslam Həsənovun təşəbbüskarlığı, təşkilatçılığı, el-oba yanğılı təmənnasız fəaliyyəti ayrı-ayrı yazıların mövzusudur…

Görkəmli maarif işçisinin zəngin həyat və fəaliyyətinə dair xeyli material var. Məsələn, Seyfəddin Qəniyev və Mənsurə İsmayilovanın “Şamaxı məktəbləri, maarif fədailəri” (1999), Ədalət Məmmədov və Viktor Əliyevin “Şamaxı – təhsil tarixi” (2009), Nəsib Nəsirovun “Tarixin daş yaddaşı” (2010) və digər kitablarda, eləcə də qəzet və jurnallarda İslam Həsənovun pedaqoji fəaliyyətinə səxavətlə yer ayrılıb, onun müəllimlik və direktorluq dönəminə layiqli qiymət verilib.

Yeri gəlmişkən, vaxtilə İslam müəllimlə çiyin-çiyinə çalışmış Məlhəm kənd orta məktəbinin riyaziyyat müəllimi, şair qəlbli yazar dostumuz Nəsib Nəsirova bu yazı üzərində işləyərkən bəzi materialları bizə verdiyinə görə səmimi minnətdarlığımızı bildiririk.

Azərbaycan təhsil tarixində silinməz izlər qoymuş, müəllimlikdən direktorluğa qədər şərəfli yol keçmiş, rəhbərlik etdiyi təhsil ocağını qabaqcıllar cərgəsinə çıxarmış, bacarıqlı pedaqoji kollektiv formalaşdırmış, təmənnasız fəaliyyəti ilə neçə-neçə nəsillərə nümunə olmuş İslam Həsənovun adı yaşadılmağa layiqdir. İnanırıq ki, əlaqədar təşkilatlar bu təhsil fədaisinin xatirəsini əbədiləşdirmək üçün müəyyən təşəbbüslərlə çıxış edəcəklər…

Yenə məlhəmli şair babamız Xaqani Şirvanidən bir beyt düşdü yadıma:

Əgər nəfsin məzarında tikan bitmişsə, şükr eylə!

Tikan zahirdədir, sən batinə bax, gör gülüstanı…

Mənbə: mektebgushesi.az

Knyaz Aslan

Bakı Dövlət Universiteti

Redaksiya-nəşriyyat kafedrasının müdiri,

fəlsəfə doktoru, dosent

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...