“Şamaxı TV” xəbər verir ki, Şamaxı şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsi, Şamaxı Rayon İcra Hakimiyyəti, Qobustan Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Elnur Mehdiyev, Şamaxı RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Rəşad Əliyev, Qobustan RİH başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Aftandil Şikarov, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazısı Mərəhmət Mustafayev, din xadimləri, dini icma sədrləri və dini icmaların üzvləri iştirak ediblər.
Çıxışlar zamanı ulu öndər Heydər Əliyevin milli-mənəvi və dini dəyərlərimizin qorunması istiqamətində misilsiz xidmətlərindən danışılıb. Qeyd edilib ki, Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dönəmlərdə mənəvi sahə ilə bağlı məsələlərə, milli-mənəvi dəyərlərimizin qorunmasına, öyrənilməsinə, inkişafına xüsusi önəm verib. O da qeyd edilib ki, ölkəmiz müstəqillik qazandıqdan və ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra təməlini qoyduğu dövlət-din münasibətləri bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.