“Şamaxı” Azərbaycan Premyer Liqasının XXX turunda doğma meydanda “Sumqayıt”la 0:0 hesablı heç-heçə edib.
“Şamaxı TV” xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında bölgə təmsilçisinin baş məşqçisi Vüqar Əsgərli jurnalistlərin suallarını cavablandırıb:
– “Sumqayıt”la oyunlarımız həmişə maraqlı keçib. Şəxsi görüşlərdə bərabərlik idi. Artıq IV dövrədir, komandalar bir-birini daha yaxşı tanıyır. Futbolçular verdiyimiz tapşırıqları düzgün yerinə yetirdilər. “Sumqayıt”a uğurlar arazu edirəm.
– Ev oyunlarında qələbə qazanmaq daha vacibdir. Bu gün əsas rəqiblərinizdən biri ilə heç-heçə etdiniz…
– Ev, səfər fərqi yoxdur. Biz hər oyuna qələbə üçün çıxırıq. Futbolçularımız bu gün də əzmkarlıq göstərdi. Bəzən qələbə qazanmaq alınmır.
– Nihat Quliyevi start heyətdə meydana buraxmamağınızın səbəbi nə idi?
– Nihatın bir az yorğunluğu var idi. Həm də məşqlərdə kim özünü yaxşı göstərsə, ona şans veririk.
– Şahin Diniyev bildirdi ki, Premyer Liqanı kim tərk etsə, bu, həmin klub üçün faciə olacaq. Sizin fikriniz necədir?
– Çempionat başlamamışdan bilirdik ki, bir klub elitanı tərk edəcək. Amma çox istəyərdim heç bir komanda Premyer Liqanı tərk etməsin. Bütün komandalar yaxşı işlər görür. Biz özümüz sona kimi mübarizə aparacağıq.