Misli premyer-liqasında 22-ci tura yekun vurulub.
Son matçda “Sumqayıt” “Şamaxı”nı qəbul edib – 1:0. Görüşdən sonra qonaqların çalışdırıcısı Vüqar Əsgərlinin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
“Oyuna çətin vəziyyətdə hazırlaşmışdıq. Çünki Şamaxıda qar yağıb və məcburiyyətdən Bakıda məskunlaşmışıq. Burada qalmağımızın da bəzi çətinlikləri var. Buna baxmayaraq, futbolçularımıza tapşırıqlar vermişdik və onun da öhdəsindən gəldilər. Xüsusilə də, ikinci yarıda istədiyimiz futbolu sərgilədilər. Təəssüflər olsun ki, qol vura bilmədik. “Sumqayıt”ı təbrik edirəm, layiqli qələbə qazandılar. Gələcək oyunlarda onlara uğurlar arzulayıram. Azarkeşlərimizə soyuq havada, uzun yol qət edib bizi dəstəkləməyə gəldikləri üçün onlara təşəkkürümü bildirirəm”.
– Dörd oyunda cəmi 1 qələbə qazanıb, üç matçda uduzmusunuz. Belə nəticəni ehtimal edirdiz?
– Biz əvvəlcədən də bilirdik ki, oyunlar çətin olacaq. Xüsusilə də qışdan sonra. Rəqiblərin heyətində keyfiyyətli legionerlər var. Biz isə sıfırdan formalaşmışıq. Amma əlimizdən gələni edəcəyik ki, xal toplayıb liqada qalaq.
– Komandada maliyyə problemləri var? Bildiyimiz qədərilə mükafatlar verilmədiyinə görə kollektivdə narazılıq yaşanıb…
– Xeyr, belə problemimiz yoxdu. Problemlərimiz odu ki, qar yağdığına görə stadionumuzdan istifadə edə bilmirik. Bakıda məskunlaşmışıq. O da müəyyən çətinliklər yaşadır. Hərə bir tərəfdən məşqə gəlir. Hazırlaşırıq.
– Heyətdə təcrübəli oyunçulara ehtiyac var?
– Danışıqlarımız olmuşdu. İstəyirdik ki 1-2 əlavə təcrübəli oyunçu gətirək. Təəssüf ki, klubları buraxmadı. Futbolçular da klublarında ehtiyatda qalmağı seçdilər. İndiki komandamızda kifayət qədər təcrübəli oyunçu var. Strategiyamız gəncləri inkişaf etdirməkdi. Təcrübəlilər də onlara kömək edir.
– İsmayıl İbrahimli ilə danışıq aparırdınız. Ehtiyatda qalmağı seçdi?
– Ehtiyatda qalmağı seçmədi. Klubun özünə lazım idi deyə, buraxmadılar. Klublar razılığa gələ bilmədi.