Azərbaycanın görkəmli tarixçi-arxeoloq alimi, respublikanın əməkdar jurnalisti Qafar Cəfər oğlu Cəbiyevin doğum günüdür.
O, 1950-ci ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olub, 1973-cü ildə Gəncə Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1973-1974-cü illərdə Talıstan kənd orta məktəbində tarix müəllimi, 1974-1976-cı illərdə rayon qəzetində şöbə müdiri, 1977-1978-ci illərdə «Bilik» cəmiyyəti İsmayıllı rayon təşkilatının məsul katibi, 1978-1980-ci illərdə Azərbaycan KP İsmayıllı rayon komitəsində təlimatçı, 1980-1981-ci illərdə rayon qəzetinin redaktor müavini vəzifələrində çalışmışdır.
1975-ci ildə Azərbaycan EA Tarix İnstitutunun aspiranturasına daxil olmuş, 1981-1990-cı illərdə Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində baş laborant, kiçik elmi işçi, elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləmiş, 1985-ci ildə namizədlik, 2008-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. Qəbələ, Ağsu, Kürdəmir, Basqal, Dəmirçi Avaxıl və Kələxana arxeoloji ekspedisiyalarına rəhbərlik etmişdir. 20 monoqrafiya, o cümlədən “Arxeologiya və romantika”, “Azərbaycan keramikası”, “Can Azərbaycan”, “Bura Vətəndir”, “Muradxan dəfinəsi”, “Girdiman tarixi”, “Yazılan qalacaq”, “Girdiman. Tarixi və coğrafiyası” və “Düşüncələr” adlı iri həcmli kitabların, ali məktəblər üçün “Azərbaycan tarixi” və “Azərbaycan arxeologiyasının əsasları” adlı dərsliklərin, 130-dan çox elmi, 350-dən çox elmi-publisistik məqalə müəllifidir. Müxtəlif vaxtlarda keçirilmiş respublika və beynəlxalq əhəmiyyətli konfrans və simpoziumlarda məruzələrlə çıxış edib.
1990-2003-cü illərdə “Azərbaycan” qəzetinin Balakən-Şəki bölgəsi üzrə xüsusi müxbiri, eyni zamanda Bakı Dövlət Universiteti Şəki filalının dosenti kimi pedaqoji fəaliyyətlə məşğul olmudur. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2003-ci ildə 4 il, 2007-ci ildə 6 il, 2013-cü ildə isə yenidən 6 il müddətə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir. 2013-2019-cu illərdə Milli Televiziya və Radio Şurası sədrinin müavini vəzifəsində çalışmışdır. 2008-2017-ci illərdə ictimai əsaslarla Azərbaycan Müəllimlər İnstitutu İctimai fənnlər kafedrasına rəhbərlik etmiş, 2012-ci ildə isə Türk dünyasının “Elm adamı” fəxri adına layiq görülmüşdür. Hazırda AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri və Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komisiyasının tarix və antropologiya elmləri üzrə Ekspert Şurasının sədr müavini vəzifələrində çalışır.
“Qızıl qələm” və “Humay” mükafatları laureatıdır. Kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 3 oktyabr 2012-ci il tarixli Sərəncamı ilə “Əməkdar jurnalsit” fəxri adına layiq görülmüşdür.
Görkəmli alim-jurnalist həmkarımızı biz də doğum günü münasibətilə ürəkdən təbrik edir, ona sağlam ömür və yaradıcılıq uğurları arzulayırıq.