“Qara zolaq”dan çıxıb Premyer Liqada qalacağımıza inanıram”.
“Şamaxı TV” xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli səfərdə “Kəpəz”ə 2:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXIII tur oyunundan sonra mətbuat konfransında deyib.
39 yaşlı mütəxəssis bildirib ki, Gəncədə oynamağın xüsusiliyi var: “Burada ilk görüşümüz idi. Bilirdik ki, bizə qarşı ciddi hazırlaşıblar. Bu səbəbdən futbolçulara müəyyən tapşırıqlar vermişdik. Qalib gəlib aşağı sıralardan qurtulmaq istəyirdik. Təəssüf ki, alınmadı. Çox çətin duruma düşmüşük. Toparlanmaq lazımdır”.
Əsgərlinin sözlərinə görə, son pillələrdə olmaq komandaya psixoloji cəhətdən mənfi təsir edir: “Aşağı sıralarda stresli rəqabət var. Oyuna hazırlaşmaq, köklənmək çox çətin olur. Futbolçular hər matçın əhəmiyyətini daha yaxşı başa düşürlər. Gələcəkdə daha yaxşı “Şamaxı” görmək istəyirik”.
O, legionersiz oynamağın çətin olduğunu etiraf edib: “Strategiyamız yerli futbolçuları inkişaf etdirməkdir. Bu, nəticədən də önəmlidir. Amma hazərda elə vəziyyətdəyik ki, nəticə bizim üçün daha vacibdir. Hazırda baxımlı oyun yox, xal və ya xallar qazanmağı düşünürük. Təcrübəli oyunçuların azlığı da çətinlik yaradır. Çünki həm meydançada, həm də kənarda gənclərə dəstək lazımdır. Elvin Məmmədov və Amil Yunanov kimi oyunçular hər matçda 10-15 dəqiqə çıxış etməklə formaya düşəcəklər”.
Baş məşqçi gənc futbolçuların lazımi səviyyəyə çatması üçün ən azı 2-3 il vaxt lazım olduğunu söyləyib: “Daim bu təzyiq altında oynamalıdırlar ki, ab-havanı yaşasınlar. Əvvəllər mövqeyimiz meydana rahat çıxmağa imkan verirdi. Amma aşağı sıralarda olduğumuzdan futbolçularda psixoloji gərginlik var. Bir az soyuqqanlı olmaq lazımdır”.
Mütəxəssis qapıçı Rəşad Əzizli ilə müdafiəçi Cəlal Hüseynov arasındakı insidentə də toxunub: “Heç kim məğlub olmaq istəmir. Baş verməsəydi, daha yaxşı olardı. Çünki oyunumuza mənfi təsir edə bilərdi. Şükürlər olsun ki, təsirsiz ötüşdü. Bir-birini başa düşüb barışarlar”.