Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” gənclərin fərdi qrant müsabiqəsinin qalibi olmuş və Azərbaycan Skautları Dayanıqlı İnkişaf Məqsədləri Naminə Proqramı çərçivəsində həyata keçirilən “Gənc skautlar dayanıqlı inkişaf naminə” layihəsinin təlim hissəsi başlayıb.
Şamaxı TV xəbər verir ki, Dayanıqlı İnkişaf Məqsədlərinin tədrisi çərçivəsində “səyyah” yaş qrupuna (18-22 yaş) mənsub gənc skautların bilik və bacarıqlarının peşəkar şəkildə inkişafına yönəlmiş təlimlərin həyata keçirilməsi məqsədilə həyata keçirilən layihənin təlimlər hissəsi Şamaxıda 2-4 yanvar 2023-cü ildə düşərgə şəklində baş tutacaq. Təlimlərdə iştirakçılara Dayanıqlı İnkişaf Məqsədlərinin onların növbəti fəaliyyətlərindəki rolu, bu fəaliyyətin təşkil edilmə metodları, skautların bu məqsədlərə nail olmaq üçün göstərəcəkləri səylərin necə artırılması öyrədiləcəkdir. Daha sonra onlar öz icmalarında bunu təbliğ və tədris edəcəklər.
Layihədən Dayanıqlı İnkişaf Məqsədləri üzrə fəaliyyət göstərmək və öz icmalarındakı skautları bu istiqamətdə maarifləndirmək istəyən ictimai fəal olan gənc skautlar yararlanacaqlar.
Qeyd edək ki, Azərbaycan Skautlar Assosiasiyası və “Global Shapers Shamakhi Hub” layihənin tərəfdaşlarıdır.