“Bu gün bir xal qazandıq, komandamı təbrik etmək olar. “Zirə” topla möhtəşəm oynayan kollektivdir. Futbolçularım çətin matçda xal qazandılar”.
“Report” xəbər verir ki, bunu “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli “Zirə” ilə evdə qolsuz bərabərə qaldıqları Azərbaycan Premyer Liqasının XVII tur oyunundan sonra mətbuat konfransında deyib.
38 yaşlı mütəxəssis bildirib ki, heyətləri yerli oyunçulardan qurulmasına baxmayaraq, rəqiblərlə çəkinmədən mübarizə aparırlar.
“Zirədən bir xal almağımız hər şey demək deyil. Amma sevindirici odur ki, heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar. Belə görüşlərin sayı çox olsa, futbolçular daha yaxşı inkişaf edərlər”.
Vüqar Əsgərli çempionatın son beş turunda məğlub olmamalarına da münasibət bildirib:
“Gənc, təcrübəsiz heyətimiz var. Mövsümün əvvəlindəki zəif nəticələr bu mənada başadüşülən olmalıdır. Oyundan-oyuna komandamızın təcrübəsi artır. İnanıram ki, bundan da yaxşı nəticələrimiz olacaq. Çünki çox perspektivli futbolçularımız var”.
Baş məşqçi zədə səbəbindən qarşılaşmanı buraxan kapitan Elvin Məmmədovun XVIII tur çərçivəsində dekabrın 23-də “Neftçi” ilə keçiriləcək matça hazır olacağını əlavə edib.