N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının astroseminarında NGC 3516 Seyfert qalaktikasının parlaqlığının dəyişməsinin təyini məqsədilə 2017-2021-ci illərdə həyata keçirilən fotometrik nəticələrə əsasən aparılan tədqiqat işi təqdim olunub.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
Tədqiqat işi rəsədxananın Qalaktikalar və ulduz əmələgəlmə prosesləri şöbəsinin kiçik elmi işçisi Samirə Rəhimlinin “Seyfert qalaktikası NGC 3516-nın 2017-2021-ci illərdəki fotometrik müşahidəsi” mövzusunda məruzəsində əksini tapıb. Qeyd edilib ki, müşahidələr rəsədxananın Zeiss 600 teleskopunda aparılıb. Müşahidələrdə BVRcİc süzgəclərindən istifadə olunub, alınan materiallar MAXİM DL 4 və MAXİM DL5 proqram paketlərinin köməyilə işlənib.
Müşahidələrin nəticələri 2017-2021-ci illərdə həyata keçirilən spektral müşahidələrin nəticələri ilə üst-üstə düşüb. Həmçinin fotometrik müşahidələr də göstərir ki, NGC 3516 qalaktikasında müşahidə periodunda aktiv fiziki proseslər baş verir.